- Mətta 6:20-21 - Lakin özünüzə göydə xəzinələr yığın; orada nə güvə, nə də pas onları yeyib məhv edir, nə də oğrular divarı deşib oğurlayır. Çünki xəzinən haradadırsa, ürəyin də orada olacaq.
- Mətta 5:16 - Qoy işığınız insanların qarşısında elə parlasın ki, onlar xeyirxah əməllərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər.
- Qalatiyalılara 6:9 - Yaxşılıq etməkdən yorulmayaq. Əgər ruhdan düşməsək, vaxtı gələndə məhsulunu biçəcəyik.
Rəbb bizim kiçik xeyirxah əməllərimiz vasitəsilə böyük işlər görür.
Allaha xidmət etmək nə deməkdir? Bir çoxumuz xidmət barədə yanlış təsəvvürə malikik və buna görə də gözümüzün qarşısındakı imkanları əldən veririk. Məsələn, düşünürük ki, yalnız missioner olmaq və ya vəz etmək əhəmiyyət daşıyır. Bunlar vacibdir, amma həqiqət budur ki, Rəbbə xidmət çox vaxt gündəlik həyatımızda baş verən sadə şeylərdən ibarətdir.
Adi kimi görünən günündə Allahın nə etdiyini kiçiltmə. İstər cəmiyyətdə könüllü xidmət edəsən, istər yeni qonşunu sevəsən, ehtiyacı olan birinə qayğı göstərəsən, ya da kiməsə diqqətlə və mərhəmətlə qulaq asasan — bunların hamısı çox dəyərlidir. Sən bunları kiçik bir şey hesab edə bilərsən, amma Allah üçün bunlar əhəmiyyətlidir.
İnsanlara nə dediyin, onlara necə davrandığın və çətinliklərə necə reaksiya verdiyin sanki göydə yığılan xəzinələr kimidir — Allah bunların vasitəsilə Özünü dünyaya göstərir. Saleh həyat yaşadıqda, insanları sevdikdə və xeyirxahlıq, mərhəmət və həlimlik göstərdikdə, sən Onun şahidi olursan.
Allah sənin vasitənlə Öz məqsədini necə həyata keçirir? Günə başlamazdan əvvəl belə dua et: “Ya Rəbb, mən Sənin yolunu seçirəm. İradəni məndə həyata keçir — necə olursa olsun.”
Bunu etdikdə həyatında gözləmədiyin şeylər baş verəcək — Allah sənə bol ölçü ilə xeyir-dua verəcək.
Düşüncə
Bu gün başqalarına xidmət etmək üçün ətrafında hansı kiçik fürsətləri görürsən?