- Mətta 7:7 - İstəyin, sizə veriləcək; axtarın, tapacaqsınız; qapını döyün, sizə açılacaq.
- Mətta 7:8 - Çünki istəyən hər kəs alır, axtaran tapır, qapını döyənə qapı açılır.
- Mətta 7:9 - Hansı biriniz övladı çörək istəyəndə ona daş verər?
- Mətta 7:10 - Yaxud balıq istəyəndə ona ilan verər?
- Mətta 7:11 - Beləliklə, siz pis olduğunuz halda övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanız Ondan istəyənlərə nə qədər artıq yaxşı şeylər verəcək!
- Mətta 6:8 - Onlara bənzəməyin, çünki Atanız nəyə ehtiyacınız olduğunu siz Ondan istəməmişdən əvvəl bilir.
Allahın Öz övladlarına verdiyi ən səxavətli vədlərdən biri bugünkü ayələrdə qeyd olunur. Bizə yalnız Atanın hüzuruna öz ehtiyaclarımızla gəlməyə icazə verilmir, O həm də dualarımıza cavab verəcəyini vəd edir. Amma bəzən belə düşünə bilərik: «Əgər bu doğrudursa, bəs niyə Allah istədiyimi vermədi?» Bu hissəni anlamağın açarı 11-ci ayədədir: «Əgər siz pis olduğunuz halda övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanız Ondan istəyənlərə nə qədər artıq yaxşı şeylər verəcək!» Bizi yaradan Allah ehtiyaclarımızı bizdən daha yaxşı bilir (Mətta 6:8). Biz bəzən yaxşı və lazım hesab etdiyimiz şeyləri istəyirik, amma onlar əslində bizim xeyrimizə olmaya bilər. Səmavi Atamız isə bizim üçün daha faydalı olanı verir. Məsihə bənzər xarakter də Onun ən qiymətli hədiyyələrindən biridir və bu xarakter çox vaxt sınaqlar və çətinliklər vasitəsilə formalaşır. Rəbbin dualarınıza cavab vermədiyini düşündüyünüz zaman unutmayın ki, O sevən Atadır. İstədiyinizdən fərqli olaraq sizə hansı yaxşı hədiyyələri verdiyini düşünün. Ola bilsin ki, Allahın baxışını anlamaq üçün illər lazım olsun, amma vaxt gələcək deyəcəksiniz: «Ya Rəbb, Sən haqlı idin. Mənə məhz ehtiyacım olanı verdiyin üçün Sənə təşəkkür edirəm.»
Düşüncə
Duanıza aldığınız cavablar istədiyinizdən fərqli olduqda, Allahın xeyirxahlığına necə etibar edə bilərsiniz?