- Mərsiyələr 3:22-23 - Rəbbin lütfü tükənmir, mərhəməti bitmir. O, hər səhər təzələnir. Sənin sədaqətin nə qədər də böyükdür!
- Məzmur 103:19 - Rəbb Öz taxtını göylərdə qurdu, Onun padşahlığı hər şeyə hökmdarlıq edir.
- Romalılara 8:28 - Bilirik ki, Allah Onu sevənlər, Öz məqsədinə görə çağırılanlar üçün hər şeyi xeyirə işlədir.
Hər şey qeyri-müəyyən göründükdə, Müqəddəs Yazılar bizi dəyişməz həqiqətə bağlayır.
Rəbb bəzi həqiqətləri bizə açıq şəkildə bildirir, bəzilərini isə Öz hikmətində gizli saxlayır. Buna görə də hər bir fəlakətin və ya əzabın səbəbini bilmirik. Lakin Müqəddəs Yazılar bizə elə həqiqətlər açır ki, ən ağır sınaqlarda belə Allaha etibar edə bilərik.
• Allah hökmdarlıq edir (suverendir). Göydə və yerdə baş verən heç nə Onun diqqətindən kənarda deyil. O, hər şey üzərində hökmrandır. Onun yollarını hər zaman başa düşməsək də, Onun xarakterinə güvənə bilərik.
• Allah insanları sevir və onların xilasını istəyir. Allahın Öz Oğlunu dünyanın xilası üçün göndərməsi Onun bütün insanlara olan məhəbbətini açıq şəkildə göstərir. Onun sevgisi dəyişmir, hətta biz onu hiss etmədikdə belə.
• Allah çətinliklərin içində də xeyir gətirə bilər. Biz hər vəziyyətdə Allahın nə etdiyini tam anlamaya bilərik. Ancaq Müqəddəs Yazılar öyrədir ki, Allah Onu sevənlər üçün hər şeyi xeyirə işlədə bilər. Bu, hər hadisənin özlüyündə yaxşı olduğu demək deyil, lakin Allah onu Öz xoş məqsədləri üçün istifadə edə bilər. Çətinliklər çox vaxt insanları Allaha yönəldir, imanlıları isə daha dərin iman və məhəbbətə yetişdirir.
Bizi kamil məhəbbətlə sevən Allah hər vəziyyətdə bizimlədir və Öz məqsədlərini həyata keçirir. Bunu bilmək, ən çətin günlərdə belə bizə ümid verir. O, həmişə sadiqdir və Onun vədləri etibarlıdır.
Düşüncə
Əzab zamanı Allahın suverenliyini, sevgisini və hər şeyi xeyirə işlədə biləcəyini xatırlamaq sizə necə kömək edir?