- Yəhya 10:28 - Mən onlara əbədi həyat verirəm; onlar heç vaxt məhv olmayacaq, heç kəs onları Mənim əlimdən almayacaq.
- Yəhya 10:29 - Onları Mənə verən Atam hər şeydən böyükdür və heç kəs onları Atamın əlindən ala bilməz.
- 1 Timoteyə 2:4 - Allah istəyir ki, bütün insanlar xilas olsun və həqiqəti dərk etsin.
- Romalılara 10:9 - Əgər ağzınla İsanın Rəbb olduğunu etiraf etsən və ürəyində Allahın Onu ölülərdən diriltdiyinə iman gətirsən, xilas olacaqsan.
- Romalılara 10:10 - Çünki insan ürəklə iman edib saleh sayılır, ağızla etiraf edib xilas olur.
- Romalılara 10:11 - Müqəddəs Yazıda deyilir: «Ona iman edən heç kəs rüsvay olmayacaq».
- Romalılara 10:12 - Çünki yəhudi ilə yunan arasında fərq yoxdur; eyni Rəbb hamısının Rəbbidir, Onu çağıranların hamısına qarşı səxavətlidir.
- Romalılara 10:13 - Çünki «Rəbbin adını çağıran hər kəs xilas olacaq».
- Efeslilərə 2:8 - Çünki iman vasitəsilə, lütflə xilas olmusunuz. Bu da özünüzdən deyil, Allahın hədiyyəsidir.
- Efeslilərə 2:9 - Əməllərlə deyil ki, heç kəs öyünməsin.
- Yəhya 3:16 - Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; belə ki, Ona iman edən hər kəs məhv olmasın, amma əbədi həyata malik olsun.
- 1 Yəhya 5:13 - Allahın Oğlunun adına iman edən sizlərə bunları yazdım ki, əbədi həyata malik olduğunuzu biləsiniz.
- Efeslilərə 1:13 - Siz də həqiqət kəlamını – xilasınızın Müjdəsini eşidib Ona iman etdiniz və vəd edilmiş Müqəddəs Ruhla möhürləndiniz.
- Efeslilərə 1:14 - Ruh bizim mirasımızın girovudur; bu, Allahın Özünə məxsus olanları tam azadlığa qovuşdurana qədər, Onun izzətini tərifləmək üçün verilib.
Şübhələr yarandıqda, Allah Öz vədləri ilə imanlıya əbədi təhlükəsizlik verir. Bir çox imanlı vaxtaşırı xilası ilə bağlı şübhələr yaşayır. Müqəddəs Yazı isə bu mövzuda bizə aydın həqiqətlər öyrədir.
1. Allah bütün insanların xilas olmasını istəyir. O, Müjdə vasitəsilə hər kəsi Məsihə iman etməyə çağırır. Kim İsa Məsihə iman edərsə, Allah onu Öz əbədi ailəsinə qəbul edir.
2. Allah insanı yalnız lütflə, iman vasitəsilə xilas edir. Xilas tamamilə Allahın hədiyyəsidir. O, nə insanın əməlləri ilə qazanılır, nə də əməllərin sayəsində qorunur. Bizim payımız yalnız Məsihə iman edib Onun verdiyi əbədi həyatı qəbul etməkdir.
3. Allah istəyir ki, imanlı öz xilasına əmin olsun. Əgər günah etdikdən sonra şübhə yaranırsa, bu, Allahın səsi deyil. Allah artıq Məsihin tamamladığı iş vasitəsilə xilas yolunu təmin edib və imanlıları həmin vədə arxayın olmağa çağırır.
Bu gün şübhələr gəlsə, hisslərinizə deyil, Allahın dəyişməz vədinə güvənin. Əbədi həyat Məsihin hədiyyəsidir və O, verdiyini heç vaxt geri almır.
Düşüncə
Bu gün xilasınızla bağlı şübhələriniz varsa, öz hisslərinizə yox, Allahın Kəlamındakı vədlərinə əsaslanaraq necə sakitlik tapa bilərsiniz?