- Koloslulara 1:9 - Buna görə biz də bunu eşitdiyimiz gündən bəri sizin üçün dua etməkdən və xahiş etməkdən əl çəkmirik. Dua edirik ki, bütün ruhani hikmət və anlayışla Onun iradəsinin dərk edilməsi ilə dolasınız.
- Koloslulara 1:10 - Beləliklə, hər yaxşı işdə bar verərək və Allahı daha yaxşı tanıyaraq, hər cəhətdən Rəbbə layiq şəkildə gəzəsiniz.
- Koloslulara 1:11 - Onun izzətli qüdrətinə görə hər cür qüvvə ilə möhkəmlənərək, bütün səbir və dözümlülüyə şadlıqla yiyələnəsiniz.
- Koloslulara 1:12 - Sizə miras verən və işıq içində yaşayan müqəddəslərin irsinə şərik olmağa sizi layiq görən Ataya şükür edəsiniz.
- Koloslulara 4:12 - Məsih İsanın qulu, sizdən biri olan Epafras sizə salam göndərir. O, Allahın hər iradəsini yerinə yetirərək kamil və tam əminliklə möhkəm dayanasız deyə sizin üçün hər zaman dualar edərək mübarizə aparır.
- Koloslulara 4:13 - Çünki ona şəhadət edirəm ki, o, sizin üçün, həmçinin Laodikiyada və İerapolda olanlar üçün çox zəhmət çəkir.
- Filimona 1:23 - Məsih İsada mənimlə birlikdə həbsdə olan Epafras sənə salam göndərir.
Bu gün kilsəyə ürəkdən qayğı göstərən Epafrasla tanış oluruq. Çox güman ki, o, Paulun təlimi vasitəsilə iman gətirmişdi. Sonra doğma şəhəri Kolossada Müjdəni yayaraq orada bir kilsə yaratmışdı və ehtimal ki, İerapol və Laodikiyada olan kilsələrin yaranmasında da iştirak etmişdi.
Əhdi-Cədiddə Epafras haqqında çox az məlumat verilir. Lakin Koloslulara məktub onun Məsihin kilsəsinə olan dərin məhəbbətini və qayğısını vurğulayır. Məktubun sonunda Paul Epafrasın «Allahın hər iradəsini yerinə yetirərək kamil və tam əminliklə möhkəm dayanasız deyə sizin üçün hər zaman dualar edərək mübarizə apardığını» deyir.
Həmin vaxt Epafras Paul ilə birlikdə həbsdə idi və Kolossadakı kilsəyə daxil olmuş yalançı müəllimlərə şəxsən qarşı çıxa bilməzdi. Amma bu, onun çarəsiz olduğu demək deyildi. Vasitəçilik duası güclü xidmətdir. Allah dualarımız vasitəsilə şəraitlərdə hərəkət edə, insanların düşüncələrini dəyişə və həqiqətin üzə çıxmasına kömək edə bilər. Epafras kilsə üçün diz çöküb dua edirdi və Paul da onlar üçün dua edirdi. Gəlin Epafrasın və Paulun nümunəsini izləyək: nə etmək lazım olduğunu dəqiq bilən və lazım olan hər şeyi həyata keçirməyə qadir olan Allaha dua edək. Sonra Ona güvənək və Onun sülhünün ürəyimizi və düşüncələrimizi qorumasına imkan verək.
Düşüncə
Siz kimin üçün və hansı çətinliklərdə belə əzmlə dua edirsiniz?