- 1 Yəhya 1:8 – Əgər «günahımız yoxdur» desək, özümüzü aldadarıq və həqiqət bizdə olmaz.
- 1 Yəhya 1:9 – Əgər günahlarımızı etiraf etsək, günahlarımızı bağışlamaq və bizi bütün haqsızlıqlardan təmizləmək üçün O, sadiq və ədalətlidir.
- 1 Yəhya 1:10 – Əgər «günah etməmişik» desək, Onu yalançı çıxarmış olarıq və Onun kəlamı bizdə olmaz.
- 1 Yəhya 2:1 – Övladlarım, bunları sizə ona görə yazıram ki, günah etməyəsiniz. Amma kimsə günah edərsə, Ata yanında Vəkilimiz İsa Məsih – Salehimiz var.
- 1 Yəhya 2:2 – O, günahlarımıza kəffarədir; təkcə bizim günahlarımıza deyil, həm də bütün dünyanın günahlarına kəffarədir.
- Yeşaya 59:2 – Lakin günahlarınız Allahınızla aranızda ayrılıq salıb, günahlarınız Onun üzünü sizdən çevirib, eşitməsinə mane olub.
Dünən gördüyümüz kimi, Yəhya günah içində olan həyatla Məsihdə olan həyatı təsvir etmək üçün qaranlıq və nur obrazlarından istifadə edir (1 Yəh. 1:5–7). Allah pak və kamil Nurdur və bu Nur Ona itaət edən insanın həyatında parlayır. Lakin günahın qaranlığını həyatımıza daxil etdikdə aramızda ziddiyyət yaranır. Bu dünyada ürəyimizi təmiz saxlamağın yolu günahı etiraf etməkdir (9-cu ayə). İsanın çarmıxda gördüyü iş sayəsində biz təmizlənmişik və heç nə xilas olmuş imanlının Allahın müqəddəs övladı kimi mövqeyini dəyişə bilməz. Lakin günah Rəbb ilə ünsiyyətimizə mane olur (Yeş. 59:2). Ünsiyyəti bərpa edən şey günahı etiraf etməkdir. Bu, sadəcə olaraq, əməllərimizin, düşüncələrimizin və ya sözlərimizin Allahın iradəsinə zidd olduğunu Onunla birlikdə qəbul etmək deməkdir. Bəzən ümumi şəkildə dua etmək istəyirik: «Ya Rəbb, əgər Sənə qarşı günah etmişəmsə, məni bağışla». Lakin həyatımızdakı qaranlığı aradan qaldırmağın daha faydalı yolu günahlarımızı konkret şəkildə etiraf etməkdir. Müqəddəs Ruh bizi ümumi şəkildə məhkum etmir — konkret problemi göstərir. İmanlı günahını qəbul edib məsuliyyətini üzərinə götürdükdə, Rəbb ilə düzgün ünsiyyətini bərpa edir. Yəhyanın məktubu təsdiqləyir ki, Allah həyatımızdan qaranlığı çıxarmaq və bizi Öz məhəbbətinin nurunda tam şəkildə saxlamaq istəyir.
Düşüncə
Bu gün həyatınızda konkret olaraq hansı günahı Allaha etiraf etməlisiniz, yoxsa sadəcə ümumi şəkildə dua edərək qaçmağa çalışırsınız?