- Həvarilərin İşləri 15:37-38 - Barnaba Yəhya adlı Markı da özləri ilə götürmək istəyirdi. Lakin Pavel Pamfiliyada onları tərk edib xidmətə gəlməyən adamı özləri ilə götürməyi məqsədəuyğun saymırdı.
- 2 Timoteyə 4:11 - Yalnız Luka mənimlədir. Markı götürüb özünlə gətir, çünki o, xidmətimdə mənə çox faydalıdır.
Yeddi yaşlı Tomas Edison məktəbi sevmir və dərslərində zəif oxuyurdu. Bir dəfə müəllimi hətta onu «zehni cəhətdən zəif» adlandırdı. Oğlan evə ağlayaraq gəldi. Ertəsi gün anası müəllimlə danışdıqdan sonra oğlunu evdə özü öyrətməyə qərar verdi. Anasının sevgisi və dəstəyi, eləcə də Allahın ona verdiyi istedad sayəsində Tomas böyük ixtiraçı oldu. Sonralar o belə yazmışdı: «Anam məni olduğum insana çevirdi. O mənə o qədər inanırdı ki, mən sadəcə onu məyus edə bilməzdim».
Həvarilərin İşləri kitabında Pavel və Barnaba — uzun illər dost olmuş və Müjdə xidmətində birlikdə çalışmış iki insan — arasında növbəti missionerlik səfərinə Yəhya Markı götürüb-götürməmək məsələsində ciddi fikir ayrılığı yarandığını oxuyuruq. Pavel Markı götürmək istəmirdi, çünki Mark əvvəlki səfərdə onları yarı yolda qoyub getmişdi. Nəticədə Pavel və Barnaba bir-birindən ayrıldılar: Pavel Silanı özü ilə götürdü, Barnaba isə Markı götürdü.
Barnaba bu gəncə ikinci bir şans verməyə hazır idi və onun dəstəyi Markın sadiq və faydalı bir xidmətçi kimi formalaşmasına kömək etdi. Sonralar Mark Müjdə kitablarından birini yazdı və hətta həbsxanada Pavelə xidmət etdi.
Bir çoxumuz geriyə baxanda həyat yolumuzda bizi dəstəkləyən və ruhlandıran insanları xatırlaya bilərik. Allah belə insanlar və Öz Kəlamı vasitəsilə bizə Ona tabe olmağa və Onun ardınca getməyə kömək edir.
Düşüncə
Allahın Öz sevgisini və dəstəyi göstərmək üçün istifadə etdiyi insanlar kimlərdir? Allahın sizin həyatınıza sərmayə qoyduğunu və sizin vasitənizlə fəaliyyət göstərdiyini dərk etmək sizi nəyə təşviq edir?