- Koloslulara 3:2 - Dünyəvi şeyləri deyil, ucalardakı şeyləri düşünün.
Heç düşünmüsənmi, dünyaya niyə məhz belə baxırsan? Nəyə əsasən bu və ya başqa qərarı verirsən? Dostlarını necə seçirsən? Həyatda hansı yolu gedəcəyinə nə təsir edir?
Əslində, hər bir insanın bir dünya görüşü var. Dünya görüşü — insanın həyatı, insanları, doğru və yanlışı necə gördüyüdür. Bu baxış bizim qərarlarımıza, davranışımıza, münasibətlərimizə və hətta danışığımıza təsir edir.
Dünya görüşünü eynəyə bənzətmək olar. Necə ki, rəngli eynək taxanda hər şeyi fərqli görürsən, eləcə də insan daxilində formalaşdırdığı düşüncə ilə dünyaya baxır. Əgər insanın düşüncəsi qorxu, qürur və ya dünyanın təsiri ilə doludursa, həyatı da ona görə görəcək. Amma Allah istəyir ki, biz həyata Onun baxışı ilə baxaq.
Müqəddəs Kitab deyir: "Dünyəvi şeyləri deyil, ucalardakı şeyləri düşünün."
Bu o deməkdir ki, imanlı insan düşüncəsini Allahın Kəlamı ilə formalaşdırmalıdır. Dünyanın dediyi hər şey həqiqət deyil. İnsan öz düşüncəsinə də tam güvənə bilməz. Buna görə biz Allahın Kəlamını oxumağa, üzərində düşünməyə və həyatımızı ona uyğun qurmağa ehtiyac duyuruq.
Dünya görüşümüz dəyişəndə: • qərarlarımız dəyişir, • münasibətlərimiz dəyişir, • həyatımıza baxışımız dəyişir.
Allah bizi yalnız məlumatlı deyil, dəyişmiş insanlar etmək istəyir. O, düşüncəmizi yeniləyərək bizi Məsihə daha çox bənzətmək istəyir.
Düşüncə
Bu gün dünya görüşünüzü Allahın Kəlamı ilə formalaşdırmaq üçün hansı konkret addımı atacaqsınız?