- Efeslilərə 3:16 - İstəyirəm ki, Öz izzətinin zənginliyinə görə Ruhu vasitəsilə daxili varlığınızda qüvvətlənsiniz,
- Efeslilərə 2:1 - Siz də bir vaxtlar təqsirləriniz və günahlarınız ucbatından ölü idiniz;
- Efeslilərə 2:5 - hətta təqsirlərimizlə ölü olduğumuz vaxt bizi Məsihlə birlikdə diriltdi. Lütfən xilas olmusunuz.
«…Öz izzətinin zənginliyinə görə Ruhu vasitəsilə daxili varlığınızda qüvvətlənsiniz deyə…» (Efeslilərə 3:16). Çoxumuz sağlam bədənə, sağlam düşüncəyə və güclü ruhani həyata sahib olmaq istəyirik. Fiziki cəhətdən güclənmək üçün məşq edib düzgün qidalanırıq. Zehni inkişaf etdirmək üçün öyrənir və düşüncəmizi nizamlayırıq. Ancaq ruhən güclü olmaq insanın öz səyi ilə mümkün deyil. Heç birimiz Allahla ruhani əlaqə içində doğulmamışıq. Adəm və Həvvanın günahı nəticəsində bütün insanlar günah içində ruhən ölü vəziyyətdə dünyaya gəlirlər və Allahdan ayrıdırlar (Efeslilərə 2:1). Lakin İsa Məsihə iman etdiyimiz anda günahlarımız bağışlanır, Allahla barışırıq və ruhən dirildilirik (Efeslilərə 2:5). Xristian həyatının başlanğıcı məhz budur. Yenidən doğulduqdan sonra daxilimizdə yaşayan Müqəddəs Ruh bizə həyatı Məsihin baxdığı kimi görməyi, Allahın dəyərlərini və prioritetlərini qəbul etməyi, həmçinin Onun nümunəsini izləməyi öyrədir. Müqəddəs Ruhun rəhbərliyinə nə qədər çox tabe olsaq, bir o qədər Məsihə bənzəyər, Allahın iradəsini yerinə yetirmək üçün hazırlanarıq və ruhən möhkəmlənərik. Allah istəyir ki, Onun övladları Öz iradəsinə həsr olunmuş həyat yaşasın və Onun məhəbbətini dünyaya göstərsinlər. Lakin O, bunu öz gücümüzlə etməyimizi gözləmir. Buna görə də bizə Köməkçi olan Müqəddəs Ruhu verib ki, bizi gücləndirsin və xidmət üçün hazırlasın.
Düşüncə
Siz bu gün Müqəddəs Ruhun rəhbərliyinə nə qədər tabe olursunuz?