- Zəbur 43:1-5 - Ey Allah, məni haqlı çıxar, dindirsiz xalqa qarşı davamı apar, hiyləgər və haqsız adamdan məni qurtar. Çünki Sən mənim qüvvətim olan Allahsan. Niyə məni rədd etdin? Niyə düşmənin zülmü altında qəmgin gəzirəm? Öz nurunu və həqiqətini göndər, qoy onlar məni rəhbər tutsun, Sənin müqəddəs dağına və məskəninə gətirsin. O zaman Allahın qurbangahına, sevincim və şadlığım olan Allaha yaxınlaşacağam, ey Allah, mənim Allahım, Sənə çəngimlə şükür edəcəyəm. Ey ruhum, nə üçün qəmginsən, nə üçün daxilimdə sızlayırsan? Allaha ümid bağla, çünki üzümü xilas edən Allahıma hələ də şükür edəcəyəm.
- Romalılara 6:14 - Günahın sizə hökmü keçməyəcək, çünki siz şəriət altında deyil, lütf altındasınız.
- Efeslilərə 2:8-9 - Çünki iman vasitəsilə, lütflə xilas olmusunuz. Bu da özünüzdən deyil, Allahın hədiyyəsidir; əməllərlə deyil ki, kimsə öyünməsin.
- Zəbur 46:1 - Allah bizim sığınacağımız və qüvvətimizdir, dar gündə həmişə hazır olan köməkçidir.
İman yolu həmişə asan olmur. Ancaq çətin vaxtlarda Allah bizim sarsılmaz sığınacağımızdır. Səni ruhdan salan nədir? Bəzən səbəbi aydın görmək olur, bəzən isə daha dərin və nəzərə çarpmayan amillər buna səbəb olur. Ruhdan düşkünlüyə gətirib çıxaran səbəblərdən bəziləri bunlardır: Zəif olduğumuz sahələr. Bəzi günahlarla uzun müddət mübarizə aparırıq və yenə də onlarla qarşılaşırıq. Bu, bizi ruhdan sala bilər. Ancaq unutmayaq ki, Məsihdə qələbə bizim öz gücümüzlə deyil, Allahın lütfü və Müqəddəs Ruhun qüvvəsi ilə mümkündür. Cavabı gecikən dualar. Bəzən Allahın cavabı “xeyr” və ya “hələ yox” olur. Bu, ümidimizi itirməyimiz üçün səbəb deyil. Allah Öz müdrikliyinə uyğun zamanda cavab verir. Duasız həyat. Allahın hakimiyyətini və vaxtını başa düşmədikdə ruhdan düşə bilərik. Ondan uzaqlaşmaq ümidsizliyi daha da artırar. Davamlı dua bizi ümid mənbəyimiz olan Allaha yaxın saxlayır. Allahı razı sala bilmədiyini düşünmək. Bu hiss çox vaxt qanunpərəst düşüncədən qaynaqlanır. Müqəddəs Kitab öyrədir ki, biz Allah tərəfindən lütflə qəbul olunmuşuq. Onun sevgisini və qəbulunu yaxşı əməllərlə qazanmağa çalışmırıq. Xilas və qəbul iman vasitəsilə verilmiş hədiyyədir. Məhz buna görə Ona minnətdarlıqla itaət edirik. Ruhdan düşdüyün zaman Allahdan ürəyini Öz sülhü və sevinci ilə doldurmasını istə. O, Öz övladlarını heç vaxt tərk etmir.
Düşüncə
Bu gün hansı vəziyyət səni ruhdan salır və bunu Allaha dua ilə təslim etmək üçün hansı addımı ata bilərsən?