- Yəhya 15:4-6 - Məndə qalın, Mən də sizdə qalım. Budaq üzüm tənəyində qalmayanda öz-özünə bəhrə verə bilmədiyi kimi, siz də Məndə qalmayanda bəhrə verə bilməzsiniz. Mən üzüm tənəyi, siz isə budaqlarsınız. Məndə qalan və Mənim onda qaldığım insan çox bəhrə verir, çünki Məndən ayrı heç nə edə bilməzsiniz. Kim Məndə qalmazsa, budaq kimi kənara atılar və quruyar. Belə budaqları yığıb oda atırlar, yanırlar.
- İbranilərə 12:1 - Buna görə də ətrafımızda bu qədər böyük şahid buludu olduğu üçün biz də hər cür yükü və bizi asanlıqla dolaşdıran günahı kənara qoyaq, qarşımızda qoyulmuş yolu səbrlə qaçaq.
Bugünkü mətn bizi İsa ilə sıx bağlı qalmağa çağırır. Məsihin üzüm tənəyi, imanlıların isə budaqlar kimi təsvir olunması bizə göstərir ki, Ondan ayrı özümüzdən heç nə edə bilmərik. İmanlı xilasını almış olsa da, bir müddət cisminə görə yaşaya və Allahın gücünə güvənmədən Onun iradəsinə zidd davrana bilər. Hər bir imanlının həyatında diqqətinin Məsihdən yayındığı vaxtlar olur. Bəzən isə insan Ondan o qədər uzaqlaşır ki, geri qayıtmağın yolunu görmək belə çətinləşir.
Əgər ürəyinizin Məsihdən başqa bir şeyə daha çox bağlandığını görürsünüzsə, bunu dürüst şəkildə qəbul etmək vacibdir. Sizi Ondan uzaqlaşdıran yanlış münasibət və davranışları Rəbb qarşısında etiraf edin və diqqətinizi yenidən Ona yönəltməyi seçin.
Diqqətinizi yayındıran şeylər aradan qalxdıqdan sonra Allahın Kəlamını oxumaq, dua etmək, Müqəddəs Kitab təlimlərini öyrənmək və sizi ruhlandıra biləcək imanlılarla ünsiyyət qurmaq vasitəsilə yenidən İsaya yönəlin. Bir müddət Allahın iradəsindən uzaq yaşadıqdan sonra Rəbbin istədiyi kimi yaşamaq üçün özünüzü yenidən nizam-intizama alışdırmaq çətin ola bilər. Ancaq unutmayın: Məsihdə qalan insan çoxlu bəhrə verir (Yəh. 15:5).
İbranilərə 12:1 bizi «hər cür yükü kənara qoymağa» və qarşımızda qoyulmuş yolu səbrlə qaçmağa çağırır. Allahın yolunu Onun gücünə güvənərək izləmək həyatda sülhə, sevincə və məmnunluğa aparan yoldur.
Düşüncə
Hansı vərdişlər və ya fikirlər hal-hazırda sizin Məsihlə olan əlaqənizi zəiflədir və diqqətinizi Ondan yayındırır?