- 1 Yəhya 1:5 - Allahdan eşitdiyimiz və sizə elan etdiyimiz xəbər budur: Allah nurdur, Onda heç bir qaranlıq yoxdur.
- 1 Yəhya 1:6 - Əgər deyiriksə ki, Onunla ünsiyyətimiz var, lakin qaranlıqda yeriyiriksə, yalan danışırıq və həqiqətə uyğun yaşamırıq.
- 1 Yəhya 1:7 - Lakin O nurda olduğu kimi, biz də nurda yeriyiriksə, bir-birimizlə ünsiyyətdə oluruq və Onun Oğlu İsanın qanı bizi bütün günahlardan təmizləyir.
- 2 Korinflilərə 5:17 - Beləliklə, kim Məsihdədirsə, o, yeni yaradılışdır. Köhnə şeylər keçib getdi, budur, hər şey yeni oldu.
- Yəhya 10:28 - Mən onlara əbədi həyat verirəm; onlar heç vaxt həlak olmayacaqlar və heç kəs onları Mənim əlimdən qopara bilməz.
- Yəhya 10:29 - Onları Mənə verən Atam hər kəsdən böyükdür və heç kəs onları Atamın əlindən qopara bilməz.
- Zəbur 16:11 - Mənə həyat yolunu öyrədəcəksən, Sənin hüzurunda dolğun sevinc, sağ əlində əbədi ləzzət var.
Yəhyanın birinci məktubu xilasın necə əldə edilməsindən bəhs etmir, baxmayaraq ki, orada günahları etiraf etməyin vacibliyi öyrədilir. Bu məktub artıq Allahla münasibəti olan insanlara yazılmışdı. Onlara Allahla ünsiyyətdə necə qalmağı xatırlatmaq lazım idi. Səmavi Ata istəyir ki, imanlılar Onun hüzurundan sevinc alsınlar, lakin etiraf edilməmiş günah bu ünsiyyətə mane ola bilər.
İmanlılar yeni yaradılışdırlar, lakin hələ kamil deyillər və günahla sınaqdan keçməyə davam edirlər. Fiziki bədənimizin istirahət, yemək və zövq almaq kimi təbii istəkləri var. Bu istəklər Müqəddəs Ruhun rəhbərliyi altında olduqda, Allaha xoş gələn və sevincli həyat yaşayırıq. Lakin onların bizi idarə etməsinə icazə verdikdə Allahla ünsiyyətdən uzaqlaşır və «qaranlıqda yeriməyə» başlayırıq.
«Qaranlıqda yerimək» imanlının xilasını itirə bilməsi demək deyil. İsa Məsihi Xilaskar kimi qəbul edənlər heç vaxt həlak olmayacaqlar. Burada söhbət ondan gedir ki, biz Allahın hüzurunu daha az dərk etməyimizə səbəb olan bir həyat tərzini seçirik.
Səmavi Atamız istəyir ki, Onunla ünsiyyətdə olaq və tam sevinc yaşayaq. Bu, Onun hüzurunda vaxt keçirdikdə, həyatımızı Onun iradəsinə uyğunlaşdırdıqda və ətrafımızdakı insanlarla Ondan danışdıqda baş verir.
Əgər bu ünsiyyət pozularsa, günahı etiraf etmək onu bərpa edə bilər.
Düşüncə
Bu gün həyatınızın hansı sahəsində Allahla olan ünsiyyətinizə mane olan etiraf edilməmiş bir günah var?