- Yəhya 1:38 - O, onlara dedi: «Gəlin, görün». Onlar gedib Onun harada qaldığını gördülər və o gün Onunla qaldılar. Saat təxminən dörd idi.
- Yəhya 1:41-42 - O, əvvəlcə qardaşı Şimonu tapıb ona dedi: «Biz Məsihi tapdıq» (Məsih «Məsh olunmuş» deməkdir). O, Şimonu İsanın yanına gətirdi. İsa ona baxıb dedi: «Sən Yuhənna oğlu Şimonsan. Sən Kif olacaqsan» (Kif «Qaya» deməkdir).
- Yəhya 6:8-9 - Şagirdlərindən biri, Şimon Butrusun qardaşı Andrey Ona dedi: «Burada beş arpa çörəyi və iki balığı olan bir oğlan var, amma bu qədər adama bu nədir ki?»
- Yəhya 12:20-22 - Bayramda ibadət etməyə gələnlərin arasında bir neçə yunan da var idi. Onlar Qalileyanın Beytsayda şəhərindən olan Filipin yanına gəlib xahiş etdilər: «Ağa, biz İsanı görmək istəyirik». Filip gəlib Andreylə danışdı. Sonra Andrey və Filip gəlib İsaya xəbər verdilər.
- Mətta 4:18-19 - İsa Qaliley gölü kənarı ilə gedərkən iki qardaşı — Butrus adlanan Şimonu və qardaşı Andreyni gölə tor atarkən gördü; onlar balıqçı idi. O, onlara dedi: «Arxamca gəlin, sizi insan tutan edəcəyəm».
Şagirdlik çağırışına cavab verdikdə, xoş xəbəri başqaları ilə bölüşməyə bilmərik. Şagird Andrey İsadan: «Rabbi… harada qalırsan?» (Yəh. 1:38) deyə soruşanda, o, Məsihlə vaxt keçirmək və Ondan öyrənmək istədiyini göstərirdi. Rəbblə bu gözəl ünsiyyət arzusu təkcə Andreyin daxilində qalmadı. Məsihə olan bağlılığı təbii olaraq onda bu sevinci başqaları ilə bölüşmək istəyini artırdı və o, hər fürsətdə bunu etdi. İncillər boyunca onun bu düşüncə tərzini görürük. İsa ilə ilk görüşündən dərhal sonra Andrey qardaşı Şimonu tapdı və onu Xilaskarın yanına gətirdi (Yəh. 1:41–42). Daha sonra böyük izdiham ac qalanda, yeməyini bölüşməyə hazır olan bir oğlanla qarşılaşdı. Beş çörək və iki balıq vasitəsilə Andrey onu Rəbb İsa ilə əlaqələndirdi (Yəh. 6:8–9). Bir qrup yunan İsa ilə görüşmək istəyəndə isə Andrey və Filip onları İsanın yanına gətirdilər (Yəh. 12:20–22). Andreyin hərəkətləri göstərir ki, o, Məsihi tanımağın nə qədər böyük əhəmiyyət və xeyir-dua olduğunu aydın şəkildə anlayırdı. Andrey şagirdlik çağırışına cavab verəndə İsa ona balıq əvəzinə insan tutacağını söylədi (Mat. 4:18–19). Məsihin ardınca gedən insanlar olaraq bizim də eyni gözəl məqsədimiz var. Xarakterimiz, təsir dairəmiz və imkanlarımız fərqli olsa da, hər birimiz başqalarını İsanın yanına gətirmək fürsəti ilə xeyir-dualandırılmışıq.
Düşüncə
Siz bu gün kimə İsa Məsihi təqdim edə bilərsiniz və ya kimin Rəblə görüşməsinə vasitəçi ola bilərsiniz?