- Efeslilərə 2:1-9 - Siz isə suçlarınız və günahlarınız içində ölü olduğunuz halda, O, sizi diriltdi. Siz bir zamanlar bu dünyanın gedişinə, havada hökmranlıq edən qüvvənin şahzadəsinin – indi itaətsizlik edənlərin daxilində fəaliyyət göstərən ruhun dediyi yolla gedirdiniz. Biz hamımız bir zamanlar onların arasında öz bədənimizin və fikirlərimizin istəklərini yerinə yetirərək nəfsimizin arzuları ilə yaşayırdıq. Biz də başqaları kimi təbiətimiz etibarilə qəzəb övladları idik. Lakin mərhəməti bol olan Allah bizə bəslədiyi böyük məhəbbətə görə, suçlarımız içində ölü olduğumuz halda, Məsihlə birlikdə bizi də diriltdi. Siz lütf sayəsində xilas oldunuz. Allah bizi Məsih İsada dirildib, Onunla birlikdə səmavi yerlərdə oturtdu ki, gələcək əsrlərdə Məsih İsada bizə göstərdiyi lütfün bənzərsiz zənginliyini bizə bəxş etdiyi xeyirxahlıqla nümayiş etdirsin. Çünki siz iman vasitəsilə, lütf sayəsində xilas oldunuz. Bu, özünüzdən deyil, Allahın bəxşişidir; əməllərin nəticəsi deyil ki, kimsə öyünə bilsin.
- 1 Yəhya 5:13 - Allahın Oğlunun adına iman edən sizlərə bunları yazdım ki, əbədi həyata malik olduğunuzu biləsiniz.
- Yəhya 16:8 - O gələndə dünyanı günah, salehlik və mühakimə barəsində ifşa edəcək.
Xilas olmaq üçün nə tələb olunur? Üçlükdə olan Allahın hər üç Şəxsi xilasımızda fəaliyyət göstərir və bizə xilasımıza dair tam əminliyin rahatlığını verir. Xilas olduğunuzu heç bir şübhə olmadan bilmək mümkündürmü? Bəli! Allah istəyir ki, xilasımıza dair tam və şübhəsiz əminliyimiz olsun. İmanımızın həqiqi olduğuna dair əminliyimizi üç əsas söz möhkəmləndirir: 1. Bilik. Günahkar olduğumuzu və günahlarımızın bizi Allahdan ayırdığını bilməyimiz vacibdir. Bu vəziyyəti öz gücümüzlə düzəldə bilmədiyimiz üçün xilasımızın yeganə ümidi Allahdır. Həmçinin bilməliyik ki, İsa Allahdır və O, bizim yerimizə ölmək üçün gəldi və bununla bizi xilas etdi. 2. Əqidə. Müqəddəs Ruhun vəzifələrindən biri bizi günah haqqında inandırmaqdır ki, Xilaskara olan ehtiyacımızı görə bilək. Lakin bunun özü kifayət deyil. Allahın Ruhu həmçinin Məsihdə olan xilas xəbərinin həqiqət olduğuna bizi inandırır və bizi ona cavab verməyə dəvət edir. 3. Etibar. Ehtiyacımızı və Məsihin günahlarımızın bağışlanması üçün təminatının tam kifayət etdiyini dərk etdikdən sonra növbəti addım etibardır — İsa Məsihə Xilaskarımız və Rəbbimiz kimi iman etmək və Ona güvənmək. Üçlükdə olan Allahın hər üç Şəxsi xilasımızda iştirak edir. Oğul günah üçün kamil qurbanı təmin etdi, Ata bizi Məsihə cəlb edir, Müqəddəs Ruh isə bizi günahımıza inandırır və İsaya iman etməyin həqiqət olduğuna əmin edir. Biz Allahın heyrətamiz lütfü və sonsuz məhəbbəti sayəsində xilas oluruq.
Düşüncə
Xilasınıza dair əminliyinizdə sizi şübhəyə salan nədir və bu gün oxuduğunuz həqiqətlər bu şübhəni necə aradan qaldırır?