- Mark 16:5-7 - Məzara girdiklərində ağ rübə geyinmiş bir gəncin sağ tərəfdə oturduğunu gördülər və heyrətə gəldilər. Lakin gənc qadınlara dedi: «Qorxmayın! Siz çarmıxa çəkilən Nazaretli İsanı axtarırsınız. O, dirilmişdir. Burada deyil! Baxın, Onu qoyduqları yer budur! İndi isə gedin və şagirdlərinə, xüsusilə də Peterə deyin ki, İsa Qalileyə sizdən əvvəl gedir. Necə ki, O sizə demişdi, Onu orada görəcəksiniz».
- Luka 22:61-62 - Rəbb dönüb Peterə baxdı. Peter Rəbbin ona dediyi sözü, – «bu gün xoruz banlamazdan qabaq sən Məni üç dəfə inkar edəcəksən» sözünü xatırladı. O, çölə çıxıb acı-acı ağladı.
- Luka 22:33 - Peter isə Ona dedi: «Rəbb, mən Səninlə birlikdə həm həbsxanaya, həm də ölümə getməyə hazıram».
- Romalılar 8:1 - Buna görə də Məsih İsada olanlara heç bir məhkumluq yoxdur.
Allah Ona iman gətirənlərə baxanda Məsihin salehliyini görür.
Mark 16:5-7
İsa Məsihin əvvəlcədən dediyi kimi, Peter Onu inkar etdiyini dərk edəndə sarsılmışdı (Luka 22:61-62). Halbuki cəmi bir neçə saat əvvəl öz Rəbbi uğrunda ölməyə hazır olduğunu söyləmişdi (Luka 22:33). Yəqin ki, sonrakı günlərdə o, ağır təqsir hissinin altında əzildi.
Bəlkə sən də günahın yükünün nə qədər ağır olduğunu bilirsən. Bu yük insanın hər yerə özü ilə apardığı və ürəyini ümidsizliyə sürükləyə bilən bir yükdür. Lakin İsanın ölümünün günahlarının cəzasını ödədiyinə iman gətirən hər kəs üçün məhkumluq hissi sadəcə bir hissdir.
Həqiqət budur ki, imanlı günahına görə məhkum edilmir (Rom. 8:1) — günah nə qədər ağır və ya təkrarlanan olsa belə. Bəzən əməllərimiz və motivlərimiz müqəddəs Allahın standartına çatmadığı üçün özümüzü sərt mühakimə edirik. Lakin Allah imanlıya baxanda Məsihin salehliyini görür. Biz Ona iman etdiyimiz andan etibarən Məsihin salehliyi ilə örtülmüşük.
Heç kim xeyirxah əməlləri ilə öz xilasını qazana bilməz. İmanlının günahına görə təqsiri yalnız İsa aradan qaldırır.
Allah ürəyimizdə daşıdığımız yükü bilir. Buna görə də boş qəbirin yanındakı mələk Peterin adını xüsusi olaraq çəkdi. Ən açıq şəkildə uğursuzluğa düçar olmuş şagirdə şəxsən əminlik verilməli idi ki, dirilmiş Rəbbi görəcək və Rəbb onu qəbul edəcək (Mark 16:6-7).
Məsihdə məhkumluq yoxdur. Allah istəyir ki, bütün imanlılar bunu bilərək və buna əmin olaraq yaşasınlar.
Düşüncə
Günahın yükünü hiss etdiyin zaman Məsihin salehliyi ilə örtüldüyünü xatırlamaq sənə necə kömək edir?