- Süleymanın Məsəlləri 2:1-9 - Oğlum, əgər sözlərimi qəbul etsən, əmrlərimi özünə yaddaşda saxlasan, Qulaq assan hikmətə, ürəyini dərrakəyə yönəltsən, Həqiqətən, dərrakəni səsləsən, dərrakəni axtarsan, Gümüş kimi onu axtarsan, gizli xəzinə kimi onu qazsan, Onda Rəbdən qorxmağın nə olduğunu başa düşəcəksən və Allahı tanıyacaqsan. Çünki Rəbb hikmət verir, ağızdan bilik və dərrakə çıxır. Saleh insanlar üçün sağlam mühakimə tədarük edir, doğru yolda olanlara qalxan olur. Doğru yolu saxlayır, sadiq bəndələrinin yolunu qoruyur. Onda sən salehliyi, ədaləti, düzgünlüyü – hər yaxşı yolu başa düşəcəksən.
- 2 Timoteyə 3:12 - Həqiqətən də, Məsih İsada dindar həyat sürmək istəyənlərin hamısı təqib olunacaq.
- Məzmur 119:105 - Kəlamın ayaqlarıma çıraqdır, yoluma işıqdır.
Allahın Kəlamı bizi güzəştə getmək sınağından qoruyan müdafiəmizdir və bizi Onun iradəsinin yolu ilə aparır.
Dünən güzəştə getmək günahından danışdıq. Həyatımızın hansısa mərhələsində hamımız bu sınaqla qarşılaşacağıq. Bəs necə ayıq qala və möhkəm dayana bilərik?
İlk addım güzəştə getməyin nə üçün bu qədər cəlbedici olduğunu anlamaqdır. Başqaları bizi Allahın qadağan etdiyi bir şeydə iştirak etməyə məcbur etdikdə, rədd edilməklə üzləşməkdənsə, onların istədiyini etmək daha asan görünə bilər. Allaha uyğun həyat sürməyə qərarlı olan insan isə bəzən tək qalmalı, hətta məsxərəyə və təqiblərə məruz qalmalı olur. Bəzən də sadəcə münaqişədən qaçmaq üçün vicdanımıza zidd olan şeylərlə razılaşırıq və itaəti kövrək bir “sülh” naminə qurban veririk.
Mövqeyimizi qorumaq asan deyil. Lakin Allah heç vaxt bizdən bunu təkbaşına etməyimizi istəmir. O, hər an bizimlədir.
Güzəştə getmək sınağı isə həmişə başqalarından gəlmir. Bəzən öz istəklərimizin ardınca sürüklənirik və hisslərimizin doğru bildiyimiz həqiqəti üstələməsinə imkan veririk. Bunun həlli hər hissimizə şübhə ilə yanaşmaq deyil. Əksinə, seçimlərimizi yalnız ani hisslərimizlə deyil, Müqəddəs Yazıların həqiqəti ilə ölçməkdir.
Güzəştə qarşı ən yaxşı müdafiə Allahın Kəlamında möhkəm kök salmaqdır. Hər günə Onun hikmətini axtararaq başladıqda, O, addımlarımıza sədaqətlə rəhbərlik edir.
Müqəddəs Yazılar bizə yalnız nədən qaçmalı olduğumuzu göstərmir — həm də getməyə dəyər olan yolu işıqlandırır.
Bu gün üçün həqiqət: Allahın Kəlamını tanıdıqca və ona əsasən seçim etdikcə, güzəştə getmək sınağı qarşısında daha möhkəm dayana bilərik.
Düşüncə
Allahın Kəlamına əsaslanaraq, həyatınızda güzəştə getməmək üçün konkret hansı addımları ata bilərsiniz?