- Romalılara 8:26-27 - Eyni zamanda Ruh da zəifliyimizdə bizə yardım edir. Çünki necə dua etməli olduğumuzu bilmirik, lakin Ruh Özü sözlə ifadə olunmayan ahlarla bizim üçün vəsatət edir. Ürəkləri araşdıran Allah Ruhun düşüncəsinin nə olduğunu bilir. Çünki Ruh Allahın iradəsinə uyğun olaraq müqəddəslər üçün vəsatət edir.
Bəzən nə üçün və necə dua edəcəyimizi bilmirik. Amma tək deyilik — Müqəddəs Ruh bizə kömək edir. Biz gələcəyi bilmirik və bəzən istəklərimizin Allahın iradəsinə uyğun olub-olmadığını da anlamırıq. Buna görə dua yalnız istəklərimizi Allaha söyləmək deyil. Dua həm də ürəyimizi Onun iradəsinə yönəltməkdir. Müqəddəs Ruh bizim zəifliyimizdə bizə kömək edir və bizim üçün vəsatət edir. Buna görə dua edərkən “Düzgün dua edirəmmi?” deyə qorxu içində olmaq lazım deyil. Allahın iradəsini tam başa düşməsək belə, Müqəddəs Ruh bizi yönəldir. Allahın iradəsini axtardıqca, Müqəddəs Ruhun rəhbərliyinə daha həssas olmağı öyrənirik.
Düşüncə
Müqəddəs Ruhun köməyinə güvənərək, bu gün Allahdan nəyi istəməkdən çəkinirsiniz?