- Qalatiyalılara 5:1 - Məsih bizi azadlığa qovuşdurdu ki, azad olaq. Beləliklə, möhkəm durun və təkrar qul boyunduruğu altına girməyin.
- Qalatiyalılara 5:6 - Çünki Məsih İsada nə sünnətli olmağın, nə də sünnətsiz olmağın bir mənası var; yalnız sevgi ilə fəaliyyət göstərən iman keçərlidir.
- Yəhya 16:13 - Amma O, yəni həqiqət Ruhu gələndə sizi bütün həqiqətə yönəldəcək. Çünki O, özündən danışmayacaq, yalnız eşitdiklərini söyləyəcək və gələcəkdə olacaqları sizə bildirəcək.
Xilas hədiyyəsini qəbul etməklə həqiqi azadlığı yaşaya bilərik. Bir çox ölkənin vətəndaşları ibadət etmək, danışmaq və səyahət etmək hüquqlarına malik olduqları üçün özlərini azad hesab edirlər. Lakin qanunların təmin etdiyi azadlıqlara baxmayaraq, çoxları hələ də əsarət içində yaşayır. Çünki həqiqi azadlıq yalnız qanunlarla təmin edilmir. O, Allahın mərhəməti, lütfü, xeyirxahlığı və qüdrəti ilə saleh həyat yaşamaq imkanını əhatə edir. İsa Məsih vasitəsilə günahın əsarətindən satın alınmışıq. Allah bizi Öz ailəsinə övladlığa qəbul edib və biz həqiqətdə Onunla birlikdə yaşaya bilərik. Ümidimiz möhkəmdir. Rəbbin bu gün və gələcəkdə qayğımıza qalacağına etibar etdiyimiz üçün sevinc və əminliklə yaşaya bilərik. Allah Öz Ruhunun vasitəsilə bizə Onun iradəsini yerinə yetirmək üçün rəhbərlik edir və güc verir (Yəhya 16:13). Lütf sayəsində başqaları ilə Allahın iradəsinə uyğun münasibət qura bilərik. Allahın bizə göstərdiyi sevgini və bağışlanmanı təcrübə etdiyimiz üçün Onun verdiyi güclə başqalarını sevə və bağışlaya bilərik. Xristian həyatının maraqlı tərəfi budur: biz günahın əsarətindən azad edilmişik, amma sevinclə özümüzü Məsihə xidmətə həsr edirik. Həqiqi azadlığın mənasını öz gücümüzlə nəyəsə nail olmağa çalışmaqda deyil, Məsihə könüllü şəkildə təslim olmaqda tapırıq.
Düşüncə
Sizcə, öz gücünüzlə mübarizə aparmaqla Məsihə təslim olmaq arasındakı fərq gündəlik həyatınızda necə təzahür edir?