- Romalılara 5:6 - Çünki biz hələ gücsüz ikən Məsih vaxtında allahsızlar uğrunda öldü.
- Romalılara 5:8 - Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü.
- Romalılara 5:10 - Çünki biz Allahın düşmənləri ikən Onun Oğlunun ölümü vasitəsilə Allahla barışdırıldıqsa, barışdırıldıqdan sonra Onun həyatı vasitəsilə xilas olunacağımız daha da yəqindir.
- Koloslulara 1:19 - Çünki Allah bütün doluluğun Onda məskən salmasını məqbul bildi.
- Koloslulara 1:20 - Və Onun çarmıxa çəkilən qanı vasitəsilə sülh bərqərar edərək, yerdə və göydə olan hər şeyi Onun vasitəsilə Özü ilə barışdırmağı məqbul bildi.
Öz gücümüz bizi xilas etməyə kifayət etmir. Ümid və qəlb rahatlığını yalnız Məsih vasitəsilə tapırıq. Pavel Romalılara 5-ci fəsildə yazdıqları bizi təəccübləndirə bilər. Çoxları düşünə bilərdi ki, o, Allahın lütfünü qazanmaq üçün bizim nə etdiyimizdən danışacaq. Lakin Pavel Allahın biz hələ Ondan uzaq olduğumuz zaman nə etdiyini yazdı: “Biz hələ gücsüz ikən Məsih allahsızlar uğrunda öldü… Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü”. Burada vaxtın nə qədər əhəmiyyətli olduğuna diqqət yetirin. Məsih bizim özümüzü düzəltməyimizi gözləmədi. Onun məhəbbətinə layiq olacağımız günü gözləyib dayanmadı. Bizim Ona verəcək heç nəyimiz olmadığı halda belə, O bizə tərəf gəldi. Məhz Onun bizə tərəf atdığı bu addım bizə Ona yaxınlaşmaq imkanı verdi. Lütf məhz budur. Lütf nəhayət həyatını qaydaya salan insanlara verilən mükafat deyil; özünü xilas etməyə gücü çatmayan insanlara uzadılan xilas əlidir. Pavel deyir ki, biz gücsüz, allahsız günahkarlar və Allahın düşmənləri idik. O, bu sözlərlə bizi utandırmağa çalışmır. Əksinə, Rəbbin məhəbbətlə bizə tərəf nə qədər uzağa gəlməyə hazır olduğunu vurğulayır. Bunun nəticəsində Rəbbimiz İsa Məsih vasitəsilə Allahla barışmışıq və Onunla sülhümüz var. Bu, asanlıqla pozula bilən kövrək bir barışıq deyil. Bu sülh Xilaskarımızın gördüyü işə əsaslanır, bizim məhdud insan gücümüzlə onu qoruyub saxlamaq bacarığımıza yox. Müjdənin xoş xəbəri bizim nəhayət Allahın qəbul edə biləcəyi insanlara çevrilməyimiz deyil. Əsl xoş xəbər budur ki, bizi Özü ilə barışdırmağı seçən Allah bizi əvvəldən sevib.
Düşüncə
Sizə Allahın sizi olduğunuz halda, heç bir xidmətinizə və ya 'yaxşı əməllərinizə' baxmadan artıq sevdiyini düşünmək necə bir rahatlıq verir?