- 1 Yəhya 3:1-3 - Baxın, Ata bizə necə məhəbbət göstərdi ki, biz Allahın övladları adlandırılaq! Biz də eləyik. Buna görə də dünya bizi tanımır, çünki Onu tanımadı. Əzizlərim, indi biz Allahın övladlarıyıq, hələ gələcəkdə nə olacağımız bəlli deyil. Bilirik ki, Məsih zühur edəndə Ona bənzəyəcəyik, çünki Onu olduğu kimi görəcəyik. Bu ümidə sahib olan hər kəs Məsih pak olduğu kimi özünü pak saxlayır.
- İbranilərə 12:5-6 - Sizə övladlara müraciət edildiyi kimi edilən nəsihəti unutmusunuz: «Oğlum, Rəbbin verdiyi tərbiyəni yüngül sayma, Onun tənbehindən ruhdan düşmə. Çünki Rəbb sevdiyi adamı tərbiyə edər, qəbul etdiyi hər oğlunu qamçılayar».
Bəzən imanlı insanlar üçün belə Allahın məhəbbətini tam qəbul etmək çətin olur. Bunun bir neçə səbəbi ola bilər.
Şəxsi münasibət təcrübəmiz. İnsanlardan gördüyümüz sevgi və ya sevgisizlik Allah haqqında düşüncələrimizə təsir edə bilər. Amma Allahın məhəbbəti insan məhəbbəti kimi deyil. İnsanların sevgisi şərtli ola bilər, Allahın sevgisi isə Onun dəyişməz təbiətindən qaynaqlanır.
Təqsir hissi. Bəzən düşünürük: «Mən bunu etmişəmsə, Allah daha məni sevə bilməz» Amma Müqəddəs Kitab bizə əksini öyrədir. Allahın məhəbbəti bizim uğurlarımıza və ya uğursuzluqlarımıza bağlı deyil.
Qanunpərəstlik. Bəzi insanlar Müqəddəs Kitaba Allahın sevgisini qazanmaq üçün qaydalar toplusu kimi baxırlar. Halbuki Allah Öz Kəlamını bizə sevgisini qazanmaq üçün yox, Onu daha yaxından tanımaq və Onunla münasibətdə böyümək üçün verib.
Allahın tərbiyəsini yanlış anlamaq. Allah bizi tərbiyə etdikdə, bu, Onun bizdən imtina etməsi demək deyil. Onun tərbiyəsi sevgidən qaynaqlanır, cəzalandırmaq məqsədi daşımır. İsa artıq bizim günahlarımızın əvəzini tam ödəyib və Allah bizi eyni günahlara görə yenidən cəzalandırmır.
Düşüncə
Allahın məhəbbətini nə qazana, nə də itirə bilərik. Bu məhəbbət bizim davranışımıza deyil, Allahın dəyişməz xarakterinə əsaslanır.
Əgər sən İsaya Xilaskarın kimi iman etmisənsə, Allahın övladısan və əbədi olaraq Ona məxsussan. İndi xristian həyatının məqsədi Allahın sevgisini qazanmaq deyil, həmin sevgidə yaşamağı və Onunla münasibətdən zövq almağı öyrənməkdir.
Dua:
Ya Rəbb, Sənin şərtsiz məhəbbətini qəbul etməyimə mane olan hər şeyi həyatımdan uzaqlaşdır. Mənə hisslərimə və əməllərimə deyil, Sənin dəyişməz vədlərinə güvənməyi öyrət. İsada məni sevdiyin, qəbul etdiyin və əbədi olaraq Öz övladın etdiyin üçün Sənə təşəkkür edirəm. Amin.
Düşüncə
Həyatınızda Allahın şərtsiz məhəbbətini tam qəbul etməyinizə mane olan bir şey varmı?