- Romalılara 8:1 - İndi Məsih İsada olanlar üçün heç bir mühakimə yoxdur.
- Romalılara 8:2 - Çünki həyat verən Ruhun qanunu Məsih İsada məni günah və ölüm qanunundan azad etdi.
- Efeslilərə 3:14-19 - Buna görə də diz çökürəm... Onun izzətli varlığından Ruhunun gücü ilə daxili dünyanızda qüvvətlənməyinizi... Məsihin məhəbbətini dərk edəsiniz... ki, Allahın bütün dolğunluğu ilə dolasınız.
- İbranilərə 12:7 - Çəkdiyiniz əziyyətlərə tərbiyə kimi dözün. Allah sizə övlad kimi rəftar edir. Hansı övlad var ki, atası onu tərbiyə etməsin?
İsanın çarmıxdakı qurbanı bizə xatırladır ki, Allahın sevimli övladları kimi azadlıqda yaşaya bilərik. Atamızın Öz övladlarına olan məhəbbəti o qədər geniş, uzun, uca və dərindir ki, biz onu tam dərk edə bilmərik. Allahın məhəbbəti dəyişməz, əbədidir və heç vaxt bitmir. Ancaq bəzən hisslərimiz bizə başqa cür deyir. Çox vaxt Allahın bizə olan məhəbbətini davranışlarımızla əlaqələndiririk. Yaxşı davrandığımız zaman düşünürük ki, Allah bizi daha çox sevir. Günah etdikdə və ya səhv etdikdə isə Onun sevgisini itirdiyimizi zənn edirik. Amma Müqəddəs Yazı tam başqa həqiqəti bildirir: Məsihdə olanlar üçün artıq heç bir mühakimə yoxdur. Allah bizim sevən Atamızdır. O, bizi rədd etmir və məhkum etmir. Bəzən bizi tərbiyə edir ki, həyatımız Onun iradəsinə uyğun olsun. Həmçinin günahın təbii nəticələrini yaşamağa da icazə verir. Lakin bu, Allahın bizi məhkum etməsi demək deyil. Bizi Allahdan ayıran hər şey çarmıxda həll olundu. İsa Məsih bizim günahlarımızın əvəzini tam ödədi. Ona iman edən hər bir insan Allahla əbədi barışdırılıb və Onun övladı olub. Buna görə də biz Allahın hüzuruna qorxu ilə deyil, cəsarətlə yaxınlaşa bilərik. Onun hüzurunda məhkum olunmuş günahkarlar kimi deyil, lütflə qəbul olunub sevilən övladlar kimi yaşayırıq.
Düşüncə
Davranışlarınızın Allahın sizə olan sevgisini dəyişdirdiyini hiss etdiyiniz anlarda, İsa Məsihin çarmıxdakı qurbanının sizin üçün nə ifadə etdiyini necə xatırlaya bilərsiniz?