- Süleymanın Məsəlləri 3:13-18 - Hikmət tapan, dərrakə əldə edən insan nə xoşbəxtdir! Çünki onun qazancı gümüşün qazancından, gəliri xalis qızıldan daha yaxşıdır. O, mirvarilərdən daha qiymətlidir, heç bir xəzinə ona çatmaz. Onun sağ əlində uzun ömür, sol əlində isə sərvət və izzət var. Onun yolları xoş yollardır, bütün cığırları sülh gətirir. Ona sarılanlar üçün o, bir həyat ağacıdır, ona yapışanlar xoşbəxtdir.
- 1 Korinflilərə 1:25 - Çünki Allahın «ağılsızlığı» insanlardan daha müdrikdir, Allahın zəifliyi isə insanlardan daha güclüdür.
Allahın hikməti bizə yalnız Onu tanıtmaqla kifayətlənmir, həm də həyatımızda bizə yol göstərir və bizi qoruyur. İnsan müdrikliyinin öz sərhədləri var. O, Allahdan gələn hikmətlə müqayisə edilə bilməz. Müqəddəs Kitab deyir ki, Allahın «ağılsız» görünəni belə insan hikmətindən daha müdrikdir. Allahın hikməti ilə yaşamağın bir çox xeyri var:
* Allahı daha yaxından tanımaq. Rəbb həyatımızın hər sahəsində fəaliyyət göstərir. Onun xarakterini nə qədər yaxşı tanısaq, Onun baxışını bir o qədər yaxşı anlayacaq, həyatımızda necə işlədiyini görəcək və baş verən hadisələrə Onun iradəsinə uyğun cavab verə biləcəyik. * Aydın rəhbərlik. Allah hər şeyi görür və Onun baxışı əbədidir. O bilir ki, həyatımızda Öz məqsədini həyata keçirmək və qarşılaşdığımız çətinlikləri Öz iradəsinə uyğun həll etmək üçün bizə nə lazımdır. * İlahi qoruma. Öz anlayışımıza güvənmək əvəzinə Allahın hikmətini axtardıqda, bizi Onun bizim üçün hazırladığı ən yaxşı yoldan uzaqlaşdıran qərarlardan qorunuruq. Onun hikməti bizə yalnız Onun iradəsinə uyğun olanı ayırd etməyə kömək etmir, həm də bizi zərərə aparan yollardan qoruyur.
Allahı tanımaq, Onun rəhbərliyini almaq və Onun qorumasını yaşamaq insan hikməti ilə əldə edilə bilməz. Bunların hamısı səmavi Atamızdan gəlir və O, iman edən hər kəsə Öz hikmətini səxavətlə bəxş edir.
Düşüncə
Hansı həyat qərarınızda öz hikmətinizi bir kənara qoyub, Allahın hikmətini və rəhbərliyini axtarmağa ehtiyacınız var?