- Yəhya 13:5 - Sonra ləyənə su töküb şagirdlərin ayaqlarını yumağa və belinə doladığı dəsmalla qurulamağa başladı.
- Yəhya 13:6 - Şimon Butrusun yanına gəldi. Butrus Ona dedi: «Ya Rəbb, Sən mənim ayaqlarımı yuyursan?»
- Yəhya 13:7 - İsa cavab verdi: «Etdiyimi sən indi bilmirsən, amma sonra anlayacaqsan».
- Yəhya 13:8 - Butrus dedi: «Ayaqlarımı əsla yuya bilməzsən!» İsa ona cavab verdi: «Səni yumasam, Mənimlə heç bir payın olmaz».
- Yəhya 13:9 - Şimon Butrus dedi: «Ya Rəbb, təkcə ayaqlarımı deyil, əllərimi və başımı da yu!»
- Yəhya 13:10 - İsa ona dedi: «Çimmiş adamın yalnız ayaqlarını yumağa ehtiyacı var, çünki o, bütövlüklə təmizdir. Siz də təmizsiniz, lakin hamınız yox».
- Yəhya 13:11 - Çünki İsa Özünə xəyanət edəni tanıyırdı, buna görə «hamınız təmiz deyilsiniz» dedi.
- Yəhya 13:12 - Ayaqlarını yuyub əbasını geyinəndə və yenidən süfrə arxasında oturduqda onlara dedi: «Sizə nə etdiyimi bilirsinizmi?»
- Yəhya 13:13 - «Siz Mənə 'Müəllim' və 'Rəbb' deyirsiniz, və yaxşı edirsiniz, çünki beləyəm.
- Yəhya 13:14 - Əgər Mən - Rəbb və Müəllim - ayaqlarınızı yumuşamsa, siz də bir-birinizin ayaqlarını yumalısınız.
- Yəhya 13:15 - Mən sizə bir nümunə göstərdim ki, sizə etdiyim kimi siz də edəsiniz.
- Yəhya 13:16 - Doğrusunu, doğrusunu sizə deyirəm: qul öz ağasından böyük deyil, göndərilən də göndərənindən böyük deyil.
- Yəhya 13:17 - Bunları bilsəniz və etsəniz, nə xoş halınıza!»
- Mark 9:34 - Lakin onlar susdular, çünki yolda aralarında kimin daha böyük olması barədə mübahisə etmişdilər.
- Mark 9:35 - İsa oturub on iki şagirdi yanına çağırdı və dedi: «Kim birinci olmaq istəyirsə, hamıdan axırıncı və hamının xidmətçisi olsun».
Bəzən gözlərimizi açan və əslində kim olduğumuzu görməyimizə kömək edən bir xəbərdarlığa ehtiyacımız olur. İsa şagirdlərin ayaqlarını yumağa başlayanda, yəqin ki, onlar özlərini narahat hiss etdilər. Xüsusilə də yaxınlarda aralarında kimin daha böyük olduğu barədə mübahisə etdikləri üçün. Bir neçə gün əvvəl qeyd etdiyimiz kimi, ayaq yumaq evdəki ən aşağı səviyyəli qulun vəzifəsi idi. Lakin sonuncu şam yeməyi icarəyə götürülmüş bir otaqda keçirildiyi üçün, yəqin ki, qapıda bu işi görəcək bir xidmətçi yox idi. Şagirdlərin hamısı bu işi özlərinə yaraşdırmırdı və buna görə də onların ayaqları çirkli qalmışdı. Nəhayət, padşahların Padşahı və ağaların Ağası olan İsa Özünü aşağı tutaraq Ona xidmət etməli olan insanlara xidmət etdi. İsa üç il ərzində şagirdlərinə təvazökarlığı öyrətdikdən və Öz həyatı ilə göstərdikdən sonra dəsmal və su qabı vasitəsilə bu dərsi onlara daha aydın şəkildə göstərdi. Əgər İsanın xidmətçilik nümunəsini izləmək istəyiriksə, yaxşı başlanğıc ürəyimizdə gizlənən günahlı münasibətləri görməyimiz üçün Allahdan kömək istəyərək dua etməkdir. Sonra utanmaq əvəzinə minnətdarlıqla cavab verə bilərik, çünki Rəbb bizi böyüməyə dəvət edir. O bizə nəyi göstərirsə, onu etiraf etdikdə və dəyişməyimiz üçün Ondan kömək istədikdə anlayacağıq ki, təvazökarlıq özümüz haqqında daha aşağı düşünmək deyil, özümüz haqqında daha az düşünməkdir. Başqa sözlə, təvazökarlıq Allahın kim olduğunu görmək və öz böyüklüyümüzün deyil, Onun əzəmətinin işığında yaşamaqdır.
Düşüncə
Sizin ürəyinizdə İsanın göstərdiyi təvazökarlığa mane olan hansı düşüncə tərzi və ya qürur var?