- Məzmur 1:1-3 - Xeyir-dua ona nəsibdir ki, pis adamların məsləhətinə əməl etmir, günahkarların yoluna düşmür, istehzalılarla oturmur. Əksinə, Rəbbin Qanunundan zövq alır, gecə-gündüz O Qanun üzərində düşünür. O adam su kanallarının kənarında əkilmiş, öz mövsümündə bar verən, yarpaqları saralmayan ağac kimidir. Nə etsə, uğurlu olar.
- Məzmur 1:2 - Əksinə, Rəbbin Qanunundan zövq alır, gecə-gündüz O Qanun üzərində düşünür.
- Romalılara 8:29 - Çünki Allah əzəldən tanıdığı insanları Öz Oğlunun surətinə uyğun olmağa da müəyyən etdi. Belə ki, Oğul çoxlu qardaş arasında ilk doğulan olsun.
Müqəddəs Yazılar həyatı dəyişdirən bir xəzinədir. Bəs biz onları gündəlik həyatımızda necə prioritet edə bilərik?
Bir şeyə verdiyimiz dəyər ona necə münasibət göstərdiyimizi müəyyən edir. Məsələn, yəqin ki, köhnə bir ayaqqabı qutusunu qoruyub saxlamaq üçün çox da fikir verməzdiniz. Amma kimsə sizə həmin karton qutunun içində 10 000 dollar qoyub versəydi, çox güman ki, onu qorumaq üçün əlinizdən gələni edərdiniz.
Müqəddəs Yazıların dəyərini dərk etdikdə, artıq onları sadəcə borc bildiyimiz üçün oxumuruq. Əksinə, onların bizə verdiyi açıqlamaya və həyatı dəyişdirən gücünə aclıq duyuruq.
Allahın Kəlamını həyatımızda prioritet etmək üçün:
1. Gözlənti ilə ona müraciət edin. Müqəddəs Yazılara həvəslə yanaşaq və Rəbbin bizə orada göstərmək istədiyi bir şey olduğuna inanaq.
2. Mənası üzərində düşünün. Tələsməyin. Dayanın və Allahın həqiqətinin düşüncələrinizə dərindən nüfuz etməsinə imkan verin (Məz. 1:2).
3. Rəbbin dediklərinə inanın. Vəziyyətlər bunu çətinləşdirsə belə, Onun sözünə etibar edin.
4. Kəlamı həyatınıza tətbiq edin. Müqəddəs Yazı səhifədən gündəlik həyatımıza məhz itaət vasitəsilə keçir. Öyrəndiklərimizi başqaları ilə bölüşmək isə həm bizi, həm də ətrafımızdakı insanları möhkəmləndirir.
Müqəddəs Kitab bizi qoruya və istiqamətləndirə, ürəyimizə toxuna və ruhlandıra bilən canlı həqiqətdir. Allahın Kəlamına həqiqətən olduğu xəzinə kimi yanaşdıqca, getdikcə İsanın surətinə uyğunlaşacağıq (Rom. 8:29).
Düşüncə
Müqəddəs Kitabı həyatınızda bir xəzinə kimi görmək, onu gündəlik oxumaq və üzərində düşünmək üçün sizə necə ilham verir?