- Yəhya 11:1 - Betaniya kəndindən olan Lazar adlı bir adam xəstə idi. Bu kənd Məryəmlə bacısı Martanın yaşadığı kənd idi.
- Yəhya 11:2 - Məryəm o qadın idi ki, Rəbbin ayaqlarına ətirli yağ töküb saçları ilə sildirdi. Xəstə olan Lazar da onun qardaşı idi.
- Yəhya 11:3 - Buna görə də bacılar İsaya xəbər göndərib dedilər: «Ya Rəbb, sevdiyin adam xəstədir».
- Yəhya 11:4 - İsa bunu eşidəndə dedi: «Bu xəstəlik ölümlə nəticələnməyəcək, əksinə, Allahın izzəti üçündür ki, Allahın Oğlu bununla izzətlənsin».
- Yəhya 11:5 - İsa Marta, onun bacısı və Lazarı sevirdi.
- Yəhya 11:6 - Amma Lazarın xəstə olduğunu eşidəndə qaldığı yerdə iki gün də qaldı.
- Yəhya 11:7 - Bundan sonra şagirdlərinə dedi: «Yenə Yəhudiyəyə gedək».
- Qalatiyalılara 5:22 - Lakin Ruhun bəhrəsi məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, mülayimlik, özünə hakimlikdir. Belə şeylərə qarşı qanun yoxdur.
Cavabsız qalan dua Allahın səni görməməsi demək deyil. Sükut içində belə O, fəaliyyət göstərir.
Heç elə hiss etmisənmi ki, Allah sanki səninlə susur? Bəlkə dua edib Ondan istiqamət istəmisən, amma heç bir cavab eşitməmisən.
Allah dualarımıza dərhal cavab verməyəndə məyus olmaq, ruhdan düşmək, çaşqınlıq yaşamaq, hətta qəzəblənmək belə mümkündür. Bəzən Allahın bizi unutduğunu düşünməyə başlayırıq.
Bugünkü ayələr Allahın sükutunun necə görünə biləcəyinə güclü bir nümunədir. İsa Məsih dostu Lazarın xəstə olduğunu eşidəndə dərhal yola çıxmadı, iki gün daha qaldı. Marta və Məryəm yəqin ki, İsanın niyə gecikdiyini və niyə heç nə etmədiyini anlamırdılar. Amma sonda İsa sadəcə xəstəliyi sağaltmaqdan daha böyük bir möcüzə etdi — Lazarı diriltdi. Bunun nəticəsində çoxları iman etdi.
Allahın sükutu Onun bizi unutduğu və ya vəziyyətimizdən xəbərsiz olduğu demək deyil. Bəzən Onun nə etdiyini görə bilməsək də, O fəaliyyət göstərir.
Allah istəyir ki, Ona olan münasibətimiz yalnız dualarımıza verdiyi cavablardan asılı olmasın. Onu yalnız bizə verdiklərinə görə deyil, Kim olduğuna görə sevək. Belə məhəbbət Müqəddəs Ruhun həyatımızda yaratdığı bəhrələrdən biridir (Qalatiyalılara 5:22).
Bu gün üçün həqiqət: Allah susanda belə, O bizi unutmur. Ona etibar etməyə davam edə bilərik.
Düşüncə
Allahın sükutu içində olarkən Ona necə etibar edə bilərik və bu zaman Ondan nə öyrənirik?