- 2 Timoteyə 2:1-2 - Odur ki, ey oğlum, Məsih İsada olan lütf ilə güclən. Çox sayda şahidin hüzurunda məndən eşitdiklərini, başqalarına da öyrədə biləcək etibarlı adamlara əmanət et.
- Süleymanın Məsəlləri 27:17 - Dəmir dəmiri itiləyər, insan da dostunun üzünü itiləyər.
- 1 Saloniklilərə 5:11 - Buna görə də bir-birinizi ruhlandırın və bir-birinizi möhkəmləndirin, necə ki, bunu edirsiniz.
Şagird yetişdirmək — yeni imanlıları ruhlandırmaq və onların ruhani inkişafına sərmayə qoymaq fürsətidir. Müqəddəs Kitab bizə İsa Məsih haqqında başqalarına danışmağı öyrədir. Müjdəni paylaşmaq böyük sevinc gətirir, amma məsuliyyətimiz bununla bitmir. Yeni imanlıları ruhlandırmağa və onların imanlarında böyümələrinə kömək etməyə davam etməliyik. Düşün: illər ərzində sənin ruhani həyatına kimlər təsir edib? Kimlər sənə İsa Məsihi tanımağa və imanda böyüməyə kömək edib? Onların sevgisi və dəstəyi olmasaydı, bu gün harada olardın? Bu xidmət şagird yetişdirmək adlanır və böyük bir şərəfdir. Biz Müjdəni paylaşmaqla yanaşı, öz bilik və təcrübəmizi başqaları ilə bölüşərək onların ruhani inkişafına kömək edə bilərik. Bunun üçün: Allahla vaxt keçir. Dua və Müqəddəs Kitabı oxumaq Allahın Kəlamını daha yaxşı anlamağa və ruhani həyatımızda böyüməyə kömək edir. Planlı ol. Yeni imanlılara Müqəddəs Kitabı oxumağı, dua vərdişi formalaşdırmağı və digər imanlılarla ünsiyyətdə olmağı öyrət. Öz təcrübəni bölüş. Məsihin ardınca getməyin nə demək olduğunu və qarşıya hansı çətinliklərin çıxa biləcəyini danış. Məsihdə yeni həyata alışmaq hər birimiz üçün bir öyrənmə prosesi olub. Buna görə də ruhani cəhətdən daha yetkin imanlıların məsləhəti və ruhlandırması çox dəyərlidir. Biz bir-birimizi ruhlandırmağa çağırılmışıq. Bu gün üçün həqiqət: Allahın sənə öyrətdiklərini başqaları ilə bölüş. Sən də bir imanlının Məsihdə böyüməsinə kömək edə bilərsən.
Düşüncə
Sənin ruhani həyatında böyüməyinə kömək edən insanlardan hansı dərsləri öyrənmisən və bu dərsləri kimə ötürə bilərsən?