- Çıxış 17:8-13 - O vaxt Amaleqlilər gəlib Refidimdə İsraillilərlə vuruşdular. Musa Yeşuyaya dedi: «Bizim üçün adamlar seç və çıxıb Amaleqlilərlə vuruş. Sabah mən Allahın əsasını əlimdə tutaraq təpənin başına çıxacağam». Yeşuya Musanın dediyi kimi etdi və Amaleqlilərlə vuruşdu. Musa, Harun və Xur isə təpənin başına çıxdılar. Musa əlini yuxarı qaldıranda İsraillilər üstün gəlirdi, əlini aşağı salanda isə Amaleqlilər üstün gəlirdi. Musanın əlləri yorulduqda Harunla Xur bir daş götürüb onun altına qoydular. Musa onun üstündə oturdu. Harunla Xur biri bir tərəfdə, biri o biri tərəfdə onun əllərini yuxarıda saxladılar. Beləcə, gün batana qədər onun əlləri havada qaldı. Yeşuya Amaleqliləri və onun xalqını qılıncdan keçirib məğlub etdi.
- 1 Saloniklilərə 5:11 - Buna görə də bir-birinizi ruhlandırın və bir-birinizi möhkəmləndirin, necə ki, bunu artıq edirsiniz.
Eyni imanı bölüşdüyümüz insanlarla birlikdə həyat yolunda irəliləmək bizə Rəbb üçün böyük işlər görməkdə məsləhət və dəstək verir. Dünya yaranmazdan əvvəl Allah sənin həyatın üçün Öz planını müəyyən etmişdi və salehlik yolunda sənə rəhbərlik edir. O, bu yolu tək getməyini heç vaxt nəzərdə tutmayıb. İnsanlar münasibətlər qurmaq üçün yaradılıblar. Buna görə Allah sənə ruhlandıran, yol göstərən, dostluq edən və səninlə çiyin-çiyinə çalışan imanlı bacı-qardaşlar verir. Müqəddəs Kitabda Allahın ardınca gedən insanların başqalarının köməyindən necə faydalandığını dəfələrlə görürük. Musaya nəzər salaq. O, İsrail xalqının azadlığa çıxmasına rəhbərlik etmiş, On Əmri almış və xalqa başçılıq etmişdi. Onu təkbaşına hərəkət edən bir rəhbər kimi təsəvvür etmək asandır. Amma Musanın da ona hikmətli məsləhət və kömək verən dostları və yaxınları var idi. Bugünkü ayələrdə onun Harun və Xura arxalandığını görürük. Allah hər üç kişinin iştirak etdiyi bir döyüş planı qurmuşdu. Onlar təpənin başından Amaleqlilərlə gedən döyüşü izləyirdilər. Musa əlindəki əsasını yuxarı qaldıranda İsraillilər üstün gəlirdilər. Lakin onun gücü tükənəndə düşmən irəliləməyə başlayırdı. Buna görə Harunla Xur Musaya kömək etdilər, qollarını yuxarıda saxlayaraq onun vəzifəsini yerinə yetirməsinə dəstək oldular. Rəbdə birləşən insanlar təkbaşına çalışan bir insanın edə biləcəyindən daha böyük işlər görə bilərlər. Musanın həyatı bunu göstərir. O, qismən də eyni imanı bölüşən insanların sadiq dəstəyi və hikmətli məsləhətləri sayəsində müdrik və qüdrətli rəhbər idi. Allah bizi təkbaşına deyil, birlikdə xidmət etməyə çağırır. Bir-birimizə dayaq olduqda Rəbb üçün daha böyük işlər görə bilərik.
Düşüncə
Həyatınızda sizə çətin anlarda dəstək olan və 'əllərinizi havada saxlayan' Harun və Xur kimiləri varmı? Siz özünüz kimin üçün bu cür dəstək ola bilərsiniz?