- Mətta 12:30 - Mənimlə olmayan Mənə qarşıdır, Mənimlə yığmayan isə dağıdır.
Dünən dünyagörüşü haqqında danışdıq. Dünyagörüşü insanın dünyaya necə baxdığına, qərar verməsinə, insanlarla münasibətinə və ümumiyyətlə həyatına təsir edir. Əslində isə iki dünyagörüşü var: 1. Müqəddəs Kitab dünyagörüşü, 2. Qalan hər şey. Bu, bəlkə də çox sadə səslənir, amma Müqəddəs Kitabın dediyi budur. Bugünkü ayə göstərir ki, insan ya Allahla birlikdədir, ya da Ona qarşıdır. Yəni ya qərarlarımızın təməli Allahın Sözü olur, ya da olmur. Ya həqiqəti və doğru olanı Allah müəyyən edir, ya da başqa mənbələr. “Mənimlə olmayan Mənə qarşıdır…” (Mətta 12:30). Bu ayə göstərir ki, əgər biz Allahla birlikdə getmiriksə, onda əslində Ona qarşı getmiş oluruq. Ola bilər ki, biz şüurlu şəkildə Allaha qarşı çıxmaq istəmirik. Amma əgər fəal şəkildə Onun yolu ilə getmiriksə, onda başqa təsirlərin altında qalırıq. Buna görə də qərar verəndə və dünyaya baxanda özümüzə sual verməliyik: mən bu vəziyyətə Müqəddəs Kitabın baxışı ilə yanaşıram, yoxsa yox? Düşüncəmi Allahın Sözü formalaşdırır, yoxsa dostların fikri, sosial media, televiziya və insanların düşüncələri? Bu gün bu barədə düşün. Müqəddəs Kitabın düşüncələrinə həyatında yer verirsənmi? Həqiqətin mənbəyi kimi Allaha güvənirsənmi? Yoxsa daha çox başqalarının fikrinə güvənirsən? Qərar ver ki, həyat məsələlərində əvvəlcə Allahın nə dediyini axtarasan və dünyagörüşünün əsasını Onun Sözü təşkil etsin.
Düşüncə
Həyatında verdiyin qərarların təməlində doğrudanmı Allahın Kəlamı dayanır, yoxsa başqa amillər?